AzVision.az-ın Analitik Qrupu

Buenos diaspor! | Lonqrid

// Dünyada diasporların rolu necə dəyişir və biz bundan necə istifadə edə bilərik

M
üasir dünyada diaspor – hansısa xalqın tarixi vətənindən kənarda yaşayan nümayəndələri demək deyil. Bu anlayış hələ “Tövrat”da rast gəlinən mənasını  çoxdan dəyişib. Hazırda diaspor – beynəlxalq münasibətlərin aktoru, siyasi təsir mexanizmi, “yumşaq güc” və iqtisadi potensial deməkdir. Uğurlu diasporun formalaşması prosesi dövlətlərin inkişafı ilə paralel getməklə, qarşılıqlı təsir doğurur. Yəni tarixi vətən öz diasporunun güclənməsinə dəstək olur, diaspor isə vətəninin.

“Diaspor” anlayışı termin kimi siyasi-ictimai elmlərə XX əsrin 50-60-cı illərində ABŞ-da daxil edilib. Bu kəlmə qədim yəhudilərin “qalut” sözünün yunan dilinə tərcüməsindən yaranıb. Bibliya kontekstində “diaspor” mənfi anlam daşıyır: onun məntiqinə görə, yəhudilər günahkar olduqlarından, Allah onları cazalandıraraq, dünyaya səpələyib. Günümüzdə isə diaspor nəinki cəza deyil, hətta Tanrının ən böyük lütfü də sayıla bilər.

Böyük ingilis tarixçi-filosofu Arnold J.Toynbi “Tarixin tədqiqi” adlı monumental əsərində (1972) yəhudi diasporunu dünya nizamının gələcəyi kimi göstərərək yazırdı ki, qloballaşma şəraitində etnik qruplarla assosiasiya olunan sosial strukturların əhəmiyyəti getdikcə artır.

Son 50 ildə dünyada miqrantları sayı 3 dəfə çoxalıb. Əgər 1960-cı ildə planetdə 75,5 milyon miqrant vardısa, 2000-ci ildə onların sayı 176,6 milyona, 2009-cu ildə 213,9 milyona çatmışdı. BMT-nin hesabatına görə, dünyada hər 35 nəfərdən, inkişaf etmiş ölkələrdə isə hər 10 nəfərdən biri beynəlxalq miqrantdır.

Miqrantların artımı və onların dünyanın ümumi əhalisi ilə say nisbəti

Miqrantların sayının belə kəskin artması onların təşkilatlanması ilə paralel gedir. Nəticədə, olduqları ölkələrdə həyatın ən müxtəlif sahələrinə təsir imkanları qazanırlar.

İki evin övladları

Klassik diasporlar tarixi zərurətdən yaranırdı. Məsələn, yəhudilərin İudeyadan, afrikalıların “Qara qitə”dən yad ellərə getmələri məqsədli miqrasiya deyildi. Amerikalı sosioloq, diaspor tədqiqatçısı Rocers Brubeyker dövlətlərin dağılması və s. nəticəsində məcburi yaranan diasporları “kataklizm diasporları” adlandırır. Əmək diasporlarından fərqli olaraq, kataklizm diasporları geniş əraziyə yayılmır, kompakt yaşayırlar.

Britaniyalı sosioloq, professor Robin Kohen “Global diasporas: an introduction” (1997) kitabında diasporları yaranma səbəbinə görə dörd yerə bölür:
“Məzlum” diasporlar (Yəhudi, Afrika, Erməni, Fələstin)
Əmək diasporları (Hindistan)
Ticarət diasporları (Çin)
İmperiya diasporları (İngilis, Fransız, İspan, Portuqal)

19-cu əsrdən başlayaraq miqrasiya prosesləri məqsədli xarakter alanda (yeni həyat qurmaq üçün “yeni dünya”ya köç) diasporlaşmanın mahiyyətcə fərqli dalğası yarandı. İrland, İtaliya, Alman, Rus, Polşa, Şotland və digər diasporlar həmin dalğanın nəticəsidir.

XX əsrin ikinci yarısında diasporlaşmanın mahiyyətcə yeni dalğası balşadı

XX əsrin ikinci yarısında ABŞ başda olmaqla bir sıra ölkələrin miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər isə diasporlaşma prosesinə tamam fərqli mahiyyət qazandırdı. Bundan sonra hətta tarixən ənənəvi diasporlar formalaşdırmamış xalqlar da “ikinci vətən” qazanmaq şansı əldə etdilər. Bu fürsətdən ən yüksək səviyyədə yararlanan çinlilər və hindlilərdir.

Vacib bir nüansı qeyd etmək lazımdır: Xaricə köç hələ özlüyündə diaspor yaratmır. Diaspora çevrilmək üçün milli identikliyin qorunub saxlanılması və bir sıra digər şərtlərin ödənilməsi lazımdır. “Hələ diaspor deyil” vəziyyəti ilə “artıq diaspor deyil” halının arasında çox incə bir zona var ki, orada qərar tutmağı bacarmaq gərəkdir.

Diaspor məsələlərini araşdıran ekspert, tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev deyir ki, icma ilə diasporu fərqləndirmək lazımdır. Avropanın müxtəlif ölkələrində - Hollandiyada, Avstraliyada türk icmaları var, öz həyatlarını yaşayır, bayramlar keçirirlər... Amma bu, hələ diaspor demək deyil. Diaspor fəaliyyəti üçün hüquqi təşkilat və informasiya resursu olmalıdır.

Zaur Əliyev: "Diaspor üçün ikili vətəndaşlıq məsələsini gündəmə gətirmək olar"

Digər vacib şərt tarixi vətəni ilə əlaqələri saxlamaqdır. Əks halda diaspor tezliklə identikliyini itirərək, əriyib gedəcək. Əlaqələr qaldıqca və gücləndikcə isə diaspor tədricən olduğu ölkədə yeni siyasi brendə çevrilir.
Hazırda xalqının ən çox hissəsinin xaricdə yaşaması baxımından Qayana birinci (36,4%), Bosniya və Herseqovina ikinci (34%), Albaniya üçüncü (30,7%), Suriya dördüncü (29,8%), Yamayka beşinci (28,6%) yerləri tutular. Amma heç kim güclü Qayana, yaxud Suriya, Yamayka diasporu haqqında eşitməyib. Demək, məsələ sayda deyil. Bəs nədədir? Güclü diaspor yaratmaq üçün nə lazımdır? Hansı modellər, mexanizmlər tətbiq edilə bilər?
Cavab üçün müasir dövrdə güclü diaspor yaratmağı bacarmış xalqların təcrübələrinə baxmaq lazımdır.

“Huáqiáo”

Çindən  kənarda yaşayan çinlilər bu cür adlandırılırlar. Amma kəlməni sadəcə “miqrant” kimi tərcümə etmək düz deyil. Çin düşüncəsində vətəndaşlıq əsas məsələ deyil, əsas olan nəsildir. Əgər sənin ulu baban Çində yaşayıbsa, deməli, çinlisən. Ona görə də Çində miqrantları xaricdə yaşayan vətəndaşlar kimi qəbul edirlər. Onlar nəsildən-nəslə öz dillərini, mədəniyyətlərini, adətlərini, bir-biri və tarixi vətənləri ilə bağlarını qoruyub saxlayırlar.

Çin xaricdə oxumağa ən çox tələbə göndərən dövlətdir

Bir çox çinlilər müxtəlif ölkələrdə və sahələrdə böyük nailiyyətlər əldə ediblər. Məsələn, “Zoom”un qurucusu Yuan Jenq, “Yahoo”nun qurucusu Cerri Yanq, fizika üzrə Nobel Mükafatı laureatı Yanq Jenninq, ABŞ-ın 12-ci energetika naziri Stiven Çu və Sinqapurun əfsanəvi baş naziri Li Kuan Yu Çin diasporunun təmsilçiləridirlər.

Çinin yaratdığı “iqtisadi möcüzə”nin səbəblərindən biri də 50 milyonluq diasporla bağlıdır. Onun ən böyük qismi ASEAN ölkələrində yaşayır. Məhz onların tarixi vətənlərinə qoyduqları investisiyaların hesabına ASEAN ölkələrinin Çinə yatırımları (təxminən ildə 80 milyard dollar) Çinin həmin ölkələrə sərmayəsindən (30 milyard) iki dəfə yarımdan artıq çoxdur. 

Azərbaycandakı Konfutsi İnstitutunun direktoru Vanq Haoqyanq AzVision.az üçün yazdığı məqalədə qeyd edir ki, Çin diasporu ölkənin inkişafında əsasən dörd baxımdan mühüm rol oynayır:

 • Çin mədəniyyətini xaricdə təbliğ edir.

• İnvestisiyaların və ticarətin inkişafına töhfə verir.

• Çindəki ali təhsilin inkişafında fəal iştirak edir.

• Siyasi baxımdan Çinin siyasətini təbliğ edir.

 Ekspert Çin diasporunun uğurunu əsasən 5 amildə görür: Əla təhsil, çalışqanlıq, yaxşı tərbiyə, novator ruhu, mehribanlıq. Bu amillər bir-birinə qarşılıqlı təsir göstərərək, çinlilərin xaricdə uğur qazanmasına imkan yaradırlar.

Onun dediyini rəqəmlər də təsdiqləyir: Bu gün Çin ABŞ-a ən çox tələbə göndərən ölkədir (ildə 330 min). Onlar riyaziyyat, tibb, mühəndislik kimi ixtisaslar üzrə təhsil alırlar. ABŞ-dakı Çin miqrantlarının yarıdan çoxunun ali təhsili var.

32 milyon səfir

1990-cı illərin əvvəllərində “Silisium vadisi”ndəki proqramçıların 30%-dən çoxu hindistanlılar idi. Məhz onlar – Suhas Patil (“Cirrus Logic”), Vinod Hosla (“Sun Microsystems”),  Sabir Hatia ("Hotmail") və başqaları ABŞ-da texnoloji inqilabın baş verməsində böyük rol oynamışdılar. Bu dəfə tamam ayrı model özünü göstərir: “Banqalor fenomeni”.

Banqalor - Diasporun sayəsində yüksələn şəhər

Hindistanın Karnatak ştatında yerləşən Banqalor 90-cı illərdə 10 milyon əhalisi olan bir şəhər idi. Kaliforniyanın “Silisium vadisi” ilə əlaqələr qurulandan sonra Banqalor sürətlə inkişaf etməyə və dəyişməyə başladı. Hazırda Banqalor dünyanın ən dinamik inkişaf edən şəhəri sayılır; orada 1,5 milyon insan yüksək texnoloji sahədə çalışır, 700-dən çox nəhəng yerli və qlobal şirkətin burada qərargahı var, Karnatak ştatının yüksək texnoloji ixracatı isə ildə 45 milyard dollar təşkil edir. Bu, diasporun öz vətəninə investisiya cəlb etməsinin ən parlaq örnəklərindən biridir.

Hindistandakı Mahatma Qandi adına Mərkəzi Universitetin dosenti, fəlsəfə elmləri doktoru Aslam Xan
“AzVision”a bildirib ki, bu gün Hindistan diasporu dünya siyasətində mühüm amillərdən biridir. Çünki o, təkcə dünyanın ən böyük diasporu deyil, həm də aparıcı siyasi və iqtisadi qüvvədir.
- Xaricdə yaşayan 32 milyon hindlinin ən böyük diasporu ABŞ-dadır (4,5 milyon), ikinci yerdə isə Səudiyyə Ərəbistanı (4,1 milyon) gəlir. Dünya Bankının hesabatına görə, Hindistan hər il təxminən 100 milyard dollar pul köçürmələri alır. 2021-22-ci maliyyə ilində Hindistan 84,835 milyon dollarlıq investisiya əldə edib. Aparıcı investor ölkələr olan Sinqapur, Mavriki, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hollandiya və Yaponiyada böyük hind diasporları var,- Aslam Xan deyib.

Ölkənin Ticarət və Sənaye naziri Piyuş Qoyal Hindistan diasporunu tarixi vətənlərini dünyanın üçüncü ən böyük iqtisadiyyata çevirmək üçün səy göstərməyə çağırıb və xaricdə yaşayan soydaşlarını “Hindistan səfirləri” adlandırıb.

Hindistan diasporu həm də müəyyən iqtisadi güc qazanandan sonra siyasi təsir imkanlar əldə etməyin parlaq nümunəsidir. Bu gün Surinam, Trinidad və Tobaqo, Qayana, Fici və Mavrikidə dövlət başçıları hind əsillidirlər. Böyük Britaniyada hindlilər əksər peşəkar sektorlarda təmsil olunan ən böyük etnik azlıqdır. Rişi Sunakın Böyük Britaniyanın baş naziri vəzifəsinə yüksəlməsi unikal tarixi hadisədir. Hazırda Britaniya parlamentində 15 hind deputat var: Qaqan Mohindra, Kler Kutino, Nadia Vittom, Navendu Mişra, Priti Patel, Alok Şarma, Sanjoy Sen...

Kanadada Harcit Sajan müdafiə naziri, Navdip Bens elm və sənaye naziri, Bardiş Çaqqar müxtəliflik və gənclərlə iş üzrə nazir, Anita Anand isə milli müdafiə naziridir.

Hind diasporunun ən geniş yayıldığı ölkələr

ABŞ-dakı siyasi partiyalar - istər Respublikaçılar, istərsə də Demokratlar hind diasporuna ciddi qüvvə kimi baxırlar. Kamala Harrisin Co Baydenin komandasında vitse-prezident postunu tutması bunun daha bir təsdiqidir. Ro Hanna, Nikki Haley Vivek Ramasvami kimi Hindistan əsilli amerikalılar 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri kampaniyasında fəal iştirak edirlər.

Yaxın Şərqdəki Hindistan diasporu Delhi ilə region ölkələri arasındakı münasibətlərə böyük təsir göstərir. Körfəz ölkələri Hindistanın ən böyük ticarət tərəfdaşıdırlar.

Hindistanın təcrübəsi ixtisaslı diasporun müasir dünyada hansı möcüzəni yarada biləcəyinə dair ən yaxşı nümunələrdən biridir.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı AzVision.az -a müsahibəsində təsdiqləyir ki, diasporla bağlı müzakirələrdə artıq dünyada işçi köçü dövrünün başa çatdığı, elmi potensialın, sahibkarlıq ideyalarının transferi dövrünün başladığı bildirlir. Yəni duyğulu köç hekayələri dinləmək deyil, diasporun qlobal uğur hekayələrini yazmaq vaxtı yetişib. “Bu isə diaspora yanaşmaların tamamilə dəyişdiyini və onlarla əlaqələrin yaradılması, xaricdə yaşayanların öz vətənləri üçün daha faydalı işlər görməsi üçün yeni platformaların qurulmasının vacibliyini önə çıxarır”,- Dövlət Komitəsinin şöbə müdiri vurğulayıb.


Hər şey vətən üçün

Diasporun vətənə köməyi heç də təkcə Çin və Hindistan üçün xarakterik deyil.  İrlandiyanın iqtisadi yüksəlişində ABŞ-da yaşayan 32 milyonluq diasporun çox böyük təsiri olub. Buna nail olmaq məqsədilə İrlandiya hökuməti insan kapitalının xaricə axınını (“brain drain”) qazanca çevirmək üçün (“brain gain”) xüsusi proqram həyata keçirmişdi.

Diaspor məsələləri üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlının sözlərinə görə, diaspor öz xalqı ilə vahid orqanizm təşkil edir. Əgər bu orqanizmə düzgün yanaşılırsa, düzgün ideologiya və strategiya qurulursa, o, uğurla iki ölkə arasında vasitəçilik missiyasını həyata keçirəcək. Yəni yaşadığı cəmiyyətdə iştirakçı-aktor kimi öz Vətəni ilə əlaqə yaradıb, onu təmsil edəcək.

- Müasir çin, polyak, hətta bizə qardaş xalqlar olan qazax və qırğız disaporlarına investorlar kimi nəzər salsaq, bir qədər geridə qaldığımızı görərik. Məsələn, 2009-cu ildə Qırğızıstan hökuməti tərəfindən Rusiyada olan qırğız iş adamlarının və onların tərəfdaşlarının böyük bir sərgi-görüşü keçirildi. Onların Qırğızıstana investisiya yatırmaları təşviq edildi. Qazaxıstanın 2005-ci ilə aid dövlət proqramında “Ol-orman” deyilən layihə var. Onlar həmin proqram çərçivəsində investisiyaların gətirilməsinə fokuslanmış layihə həyata keçirmişdilər. Azərbaycan diasporu bu gün inkişaf edir və yüksəlişə doğru addımlar atır, amma iqtisadi səmərəliliyi görə bilmirik,- Yəhya Babanlı bildirib.

Yəhya Babanlı: “Diaspor və xalq vahid orqanizm təşkil edir”

Kapital çox ehtiyatla hərəkət edir. Bir ölkəyə yatırım qoyulması üçün bəzi şərtlərin, ilk növbədə ora inamın və güvənin olması vacibdir. Bəs ölkəyə ən çox kim inana və güvənə bilər? Əlbəttə, öz övladları! Türkiyədə son vaxtlar bunun nümunəsini görürük. Qərbdə Türkiyəyə qarşı aparılan təbliğata rəğmən, türk əsilli iş adamları ölkəyə ciddi sərmayə yatırırlar.

Amma əlbəttə ki, diaspor təkcə öz tarixi vətənini düşünməməli, yaşadığı ölkənin istər iqtisadi-sosial, istərsə də ictimai-siyasi həyatında mütləq fəal rol oynamalı, yerli xalqın rəğbətini, inamını, etibarını qazanmalıdır. Müəyyən müddətdən sonra diasporun adı hansısa sahələrlə assosiasiya olunmağa başlayır: məsələn, “yəhudi” deyəndə ağla maliyyə, “hindli” deyəndə yüksək texnologiya gəldiyi kimi...

Buna ən yaxşı misal Amerika yəhudiləridir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekker AzVision.az üçün yazdığı məqalədə göstərir ki, 1950-ci illərə qədər ABŞ Konqresində bir yəhudi də yox idi. İndi Konqresdə 30, Senatda 13 yəhudi var. ABŞ-ın tarixi boyunca yəhudi icmasının 31 nümayəndəsi nazir olub, 20 yəhudi diplomatik və inzibati vəzifələrdə çalışıb, 28-i qubernator seçilib. ABŞ-da işləyən yəhudi əhalisinin 60%-i yüksək əmək haqqı alan və ixtisaslı işlə məşğul olan insanlardır. ABŞ yəhudilərinin yalnız 5%-i yoxsulluq həddinin altında yaşayır.

Azərbaycan diasporu: Model axtarışında

Bu gün Almaniyada sanballı türk diasporu mövcuddur. Onların bir çox sahələrdə ciddi mövqeləri olsa da, parlamentdə o qədər də geniş təmsil oluna bilmirlər. Buna səbəb nədir?

- Çünki hələ yunanların, ermənilərin, yəhudilərin, hindlilərin keçdiyi mərhələni keçməlidirlər,- deyə CBC telekanalının “Xarici münasibətlərin aspektləri” verilişinin aparıcısı, siyasi şərhçi Teymur Atayev AzVision.az-a bildirib.- Diaspor üçün vaxt əhəmiyyətli amildir. Artıq görürük ki, Almaniyada türkləri tədricən özlərininki kimi qəbul edirlər. Türk soyadları yavaş-yavaş üzə çıxır, xüsusən də jurnalistika sahəsində.

Teymur Atayev: “Diaspor quruculuğu pilləkənləri qalxmağa bənzəyir. Asan iş deyil”.

Türkiyəlilər Qərb ölkələrinə ötən əsrin 60-cı illərində köçməyə başlayıblar, azərbaycanlılar isə 90-cı illərin ikinci yarısından. Əvvəlcə Azərbaycandan xaricə daha çox yəhudilər gedib. Bu gün onları da müəyyən mənada bizim diasporumuz və lobbimiz saymaq olar.

Bu amil – yəni qardaş diasporlarla sıx əlaqələr Azərbaycan diasporunun sürətli inkişafına dəstək verə bilər. Diasporun inkişaf etməsi, möhkəmlənməsi və proseslərə təsir göstərə bilməsi üçün onillərlə ölçülən vaxt lazımdır. Türkiyənin Ege universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Mehmet Yücə bu vaxtı azaltmaq üçün maraqlı təklif irəli sürür: Türk xalqlarının diaspor fəaliyyətlərini birləşdirmək.
Onun sözlərinə görə, Türkiyə başda olmaqla türk dövlətlərinin diasporları ilə əlaqələndirmə mexanizmini inkişaf etdirmək lazımdır. “Türk dünyası-2040 vizionu” proqramında bu məsələdə son dərəcə xoş bir iradə ortaya qoyulub.

Mehmet Yücə: "Diasporun intellektual imkanlarından da yararlanmaq lazımdır"

Tarixi vətəninə dəstək olmaq, onun inkişafı üçün çalışmaq, maraqlarını təmsil etmək ilk növbədə diasporun özünə lazımdır. Çünki bu zaman diaspor identikliyini qorumaq üçün formada qalır, öz etnik kimliyini uğurlu vizit kartına çevirir. Bunun əksi assimlyasiyadır.

Təmsil etdiyi ölkənin imici elə diasporun imicidir. Ona görə də diaspor yaşadığı ölkədə Vətəninin imicinin yaxşı olması üçün çalışmalı, bunu öz obrazının bir elementi kimi qəbul etməlidir. Bu, tarixi vətən ilə diasporun maraqlarının birləşdiyi əsas məxrəclərdən biridir.

Əlbəttə, konkret olaraq hansısa xalqın təcrübəsini model kimi götürüb, “biz də bu yolla gedək
demək effektli ola bilməz. Hərənin özünə, öz xarakterinə uyğun yolu tapması lazımdır. Amma deyilənləri ümumiləşdirsək, Azərbaycan diasporunun uğur reseptində nələrin olmalı olduğu aydındır:

• Savadlı fərdlər,
•Vətənlə davamlı, qırılmaz əlaqələr,
•Olduğu ölkənin mədəni, sosial, ictimai, siyasi həyatında aktiv iştirak
• Hər iki “ev”inin maraqlarına səmimi xidmət etmək.

Bu reseptə əməl etmək ilk növbədə diasporun özünə lazımdır – identikliyini saxlayaraq inkişaf edə bilmək üçün. Təbii ki, Vətəni də bunda ən azı diaspor qədər maraqlıdır. Ona görə də bu reseptin həyata keçirilməsi üçün xaricdəki övladlarına dəstəyini əsirgəməməlidir. Nəticə özünü çox gözlətməyəcək.

  19 İyun 2023    Oxunub: 18011    Oxunma vaxtı: 24 dəq.

24 dəq.